Dedim: ey gül, camalın tək nə gül, nə gülsitan olmaz
Dedim: ey gül, camalın tək nə gül, nə gülsitan olmaz, Dedi: eşqimdə sən tək bülbüli-xoşnəğməxan olmaz.
Dedim: derlər ki, aşiq öldürənsən, ox-kamanın yox, Dedi: nə kirpiyim tək ox, nə qaşım tək kaman olmaz.
Dedim: sevdayi-eşqin əqlimi başımdan əzl etmiş, Dedi: eşq olduğu yerdə gülüm, əqlə məkan olmaz.
Dedim: dilbər, neçin xali-siyəhdən xalidir ruyun, Dedi: bayquşlara bülbül bağında aşiyan olmaz.
Dedim: tökmə üzə zülfün, qaranlıq etmə dünyanı, Dedi: hüsnüm açan sübhə bərabər asiman olmaz.
Dedim: əzdadilə mənzur olur aləmdə hər varlıq, Dedi: ziddim ki yoxdur, varlığım oldur, əyan olmaz.
Dedim: dildən dilə düşdü bu şən söz, çatdı dildarə, Dedi: bəh-bəh Şəfai heç belə təbi-rəvan olmaz.