Əsas məzmuna keç

Qəzəl

Dedilər xəlq ki, var badeyi-həmradə fərəh

Seyid Əzim Şirvani

1

Dedilər xəlq ki, var badeyi-həmradə fərəh, Yarsız görmədim ol cami-qəməfzadə fərəh.

Yarsız neyləyirəm seyri-gülü gülzarı, Olmasa yar, olumu cənnəti-məvadə fərəh?

Şəbi-meraci-visalın məni zar etdi rəqib, Görmədim, seyr elədim çərxi-müəlladə fərəh.

Çeşmi bimarına mərbutdur, ey gül, fərəhim, Baxmışam yüz kərə, yox nərgisi-şəhladə fərəh.

Dağım olduqca füzun şad olur aşüftə könül, Tifl üçün eyddə var ziynəti-kaladə fərəh.

Yarımın adını bildikdə fərəh hasil olur, Onu təshif eləsən var bu müəmmadə fərəh.

Seyyida, eylə fərəh, çəkmə bu dünya qəmini, Çünki beş günlük olur bülbüli-şeydadə fərəh.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.