Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş!
Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş! Ehtiyat et, yanmasın nagəh quru odunda yaş.
Xoş keçər nəzzareyi-hüsnünlə ömrüm, var ümid Kim, edib məqbuli-dərgahın məni hüsni-məaş.
Tövfi-kuyində ayaqdan başə irmiş bir mədəd, Nola gər qəddim büküb hərdəm, ayağm olsa baş.
Fitnə yayın qurmağa atəşmi olmuş ehtiyac Kim, urarsan aləmə atəş, çatıb peyvəstə qaş.
Ey hübabi-əşk, nayab et təni-üryanımı Kim, bu rüsva pərdəmi çak etdi, sirrim qıldı faş.
Parə-parə könlümün suzi-dərunə tabı yox, Göz yolundan qətrə-qətrə qan olub, çıxsaydı kaş.
Ey Füzuli, qərqi-xunab etdi göz mərdümlərin, Görəyim qüllabi-müjganə urulsun qanlı yaş.
Lüğət: Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Əşk – göz yaşı; Qüllab – çəngəl, qarmaq