Cismdən can almağa gər olsa fərmanın sənin
Cismdən can almağa gər olsa fərmanın sənin, Canə minnətdir olam, ey dust, qurbanın sənin.
Gər tökərsən, ey Xəlilim, qanımı, qəm etmərəm, Qəm odur kim, gər bata ol qanə damanın sənin.
Gəlmişəm can verməgə, ey şəh, Minayi-kuyüvə, Qanımı tök camə kim, olsun bu ehsanın sənin.
Bir gülüstandır səri-kuyin açılmış gülləri, Qan ilə gülrəng olub gülbərgi-xəndanın sənin.
Kəsrət içrə tapmışam mən dürri-kənzi-vəhdəti, Olmuşam hərçənd zülfüntək pərişanın sənin.
Nəfydən isbatə gəl, ey dil, ki xakə nəss edə Qətrə-qətrə hərfi-«illəllah» al qanın sənin.
Seyyida, gər canuvi cananə etməzsən fəda, Razı olmaz eşqdə səndən o cananın sənin.