Əsas məzmuna keç

Qəzəl

Cism xak oldu, qəmin munisi-candır hələ də

Məhəmməd Füzuli

1

Cism xak oldu, qəmin munisi-candır hələ də, Yandı qəlbim, üzünə can nigarandır hələ də.

Zinəti-xətt ilə hüsnün yeni bir rəng aldı, Qəlbimizdə qəmi-eşqinsə hamandır hələ də.

Bir əsər qalmadı qandan bu yanar qəlbimdə, Həsrətinlə tökülən göz yaşı qandır hələ də.

Qüssə yandırdı məni, qoyma ayağın külümə, Onda yüz dərd odu, ey şux, nihandır hələ də.

Nəqşi-şirin silinib Kuhkənin lövhündən, Ləblərin zikri mənə virdi-zəbandır hələ də.

Zəfdən olsa nişansız da bu torpaq bədənim, Hədəfi-navəki ol sərvi-rəvandır hələ də.

Din yolu umma Füzulidən, əbəsdir, naseh, Bütlər eşqində o məşhuri-cahandır hələ də.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.