Çıxır can cismdən, bir dəm yetir cananımı, ya rəb
Çıxır can cismdən, bir dəm yetir cananımı, ya rəb! Görüb rüxsarını təslim edim bu canımı, ya rəb!
Görüb rüxsarını nəzr etmişəm kim, can edim qurban, Yetir yarı, qəbul eylə mənim qurbanımı, ya rəb!
Təni-zarımdan al ya, ey xuda, bu cani-naşadı, Mübəddəl qıl visali-yarə ya hicranımı, ya rəb!
Tənuri-pirəzəndən bədtər oldu çəşmi-xunpaşım, Cahan qərq oldu, sakit eylə bu tufanımı, ya rəb!
Tökəydi qanımı, azad olaydım dərdi-hicrandan, Gətir bir rəhmə ol bidadgər sultanımı, ya rəb!
Ümidim var kim, görsə fəğanım rəhm edə dilbər, Yetir ol mahi-bimehrə mənim əfğanımı, ya rəb!
Tutub xət ruyin, oldu fitneyi-dövri-qəmər peyda, Xətadən hifz qıl bu Seyyidi-nalanımı, ya rəb!