Əsas məzmuna keç

Qəzəl

Çıxanda bağa axşam seyrinə məhparələr bir-bir

Məhəmmədəli Şəfai

2

Çıxanda bağa axşam seyrinə məhparələr bir-bir, Tamaşaya çıxar göylərdəki səyyarələr bir-bir.

Görəndə dilrübalər hüsnünü güllər, xəcalətdən, Girərlər pərdəyi-yaprağa ol biçarələr bir-bir.

Mülayim yellər əsdikcə tökülür gül üzə tellər, Səpir gülzarə ətrin zülfi-ənbərbarələr bir-bir.

Düşüb toprağa nərgiz məst olur məstanə gözlərdən, Xumar eylər bütün eşq əhlini xummarələr bir-bir.

Gözəllər içrə ey nazlı nigarım öylə bir gülsən. Güləndə sən gülər gülşəndəki gülnarələr bir-bir.

Keçər sinəmdən ol kipriklərin oxları ey zalım, Ürəkdə çeşmə-çeşmə qan açar fəvvarələr bir-bir.

Çəkər nazlı yerişlər həsrətin sərvi-dilaralər, Qalır həsrətdə həm tavusi-xoşrəftarələr bir-bir.

Tutub övsafi-hüsnün dəhri sülhün nuritək bəh-bəh. Sənə aşiqdir aləm, cümlə ağlar, qarələr bir-bir.

Gəzən çöllərdə sərgərdan demə yalnız Şəfaidir, Düşüb səhralərə eşqündə çox avarələr bir-bir.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.