Əsas məzmuna keç

Qəzəl

Çəh-çəh eylər yenə bülbülləri baği-vətənin

Məhəmmədəli Şəfai

2

Çəh-çəh eylər yenə bülbülləri baği-vətənin, Açılıb qönçəi-iqbali-səfası çəmənin.

Ətrbar oldu gülüstanlara ənfasi-nəsim, Düşdü dillərdən o məşhur adı müşki-xütənin.

Güldürür gülləri gülşəndə nəvayi-bülbül, Bərəlir gözləri eşq aləmin inkar edənin.

Sevgi mənalı qəzəllər yazılır bərgi-gülə, Bir kitab olsa nolur, hər vərəqi yasəmənin.

Canfəza nəğmələr ilhamını aldıqda könül Dedi üslubudur ol Vahidi şirin süxənin.

Şövqi-təbrikin ilə lal ikən açıldı dilim, Təbi-miskin mənim, əfvü kəramət sənin.

Gülşənin baği-fəzilət, sən özün fazili-nəzm, Bülbüli-nəzm oxuyur, vəsfi-kəmali-Həsənin.

Hünərim yoxsa da, vəsfin demək istər ürəyim, Qəzəl ustadısan, ey şairi şanlı vətənin.

Deyiləm münsif əgər, təbivə dərya deməsəm, Sözlərin dürri-giranmayə, sədəfdir dəhənin.

Töhfə bağə gül aparmazlar, Şəfai, nədi bəs, Piri-ürfanə bu mənzuməi-gülpirəhənin.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.