Əsas məzmuna keç

Qəzəl

Cənnəti-ədn imiş üzün, üştə ləbin də kövsəri

İmadəddin Nəsimi

1

Cənnəti-ədn imiş üzün, üştə ləbin də kövsəri, Qədrü bərat imiş saçın, xalü xətin mələkləri.

Qaliyəbu saçınla çün can ilə vüslət etmişəm, Çini-tatarı bulmuşam ud ilə mişkü ənbəri.

Mə’dəni-ruh əgər desəm ləblərinə, əcəb degil, Cövhəri cövhəri bilir, sən mana sor bu cövhəri.

Hüsnü cəmali-surətin qiblədir, uşbu mə’nidən Surətinə sücud edər ay ilə şəmsi-xavəri.

Can ilə kim ki, könlünü eşqinə qılmadı vətən, Divə müsəlləm eylədi məmləkəti-Skəndəri.

Dairəsində sünbülün nöqtə günəşdir, ay ilə, Gör nə imiş bu nöqtənin daireyi-müdəvvəri?

Lövhi-zəmirə nəqşini sübhi-əzəldə yazmışam, Məhv eləməz bu səfhədən kimsə bu nəqşi-peykəri.

Üzünə qarşu, ey mələk, hüsnünü öymə kim, ana Ay ilə gün sücud edər, anda pərin tökər pəri.

Kişvəri-əmnü afiyət, mə’rifətin kilididir, Ey məliki-zəmanə, gəl fəth edə gör bu kişvəri.

Həşrü hesabü məhşərə qail isən, gəl üştə gör Həlqələrində zülfünün şol ərəsati-məhşəri.

Gülşəkəri nə vəch ilə ağzına nisbət eyləyim Kim, xəcil eylədi ləbin bal ilə qəndü-şəkkəri.

Dil bəri eylə, ey könül, keç qamudan ki, qamudan Eyləməyincə dil bəri, bulmadı kimsə dilbəri.

Eşq ətəgin tut, ey könül, başını sal ayağına, Gör nə derəm sana, eşit, eşqə yapışma sərsəri.

Anda imana gəlməyən bilmədi sirri-Əhmədi, Bunda Əli gərək, əli ta yıxa babi-Xeybəri.

Mə’rifət əhlinə üzün Kə’bə, Bilali bənlərin, Mehrab can quşun, vəli eynin imami-Cə’fəri.

Çəkdi saçı Nəsimiyi çənbəri-eşqə, neyləsin, Çənbər anındır, oynasın dövri-qəmərdə çənbəri.

Lüğət: Dəni – Alçaq; Müsəlləm – Mübahisəedilməz; Peykər – Gözəl; Bədən; Ulduz; Kişvər – Ölkə; Məlik – Padşah; Şol – O; Dil – Ürək; Qəmər – Ay

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.