Cəfadı karı deyib ol nigarı qoyma gedə
Cəfadı karı deyib ol nigarı qoyma gedə, Əlindən ol sənəmi-gülüzarı qoyma gedə.
Nə etibar ki, səyyadə bir də ram olsun, Çəkib kəməndüvə sal ol şikarı, qoyma gedə.
Əgərçi yar deyir qoy gedim, genə gəlləm, Yalandı, yox sözünün etibarı, qoyma gedə.
Dedi fəqih mənə, getmə yar kuyinə, Dedim bacarsan əgər ixtiyari qoyma gedə.
Yapış o türrəyə kim, tarı rişteyi-candır, Könül, bu gün səni tarı, o tarı qoyma gedə.
Gedər bahar hamı; yarü sağərin, ey dil, Ayıl, bu qəflət ilə novbaharı qoyma gedə.
Dəhanı sirrini məxfi dedim sənə, Seyyid, Dəxi budur sözümün aşikarı, qoyma gedə.