Əsas məzmuna keç

Qəzəl

Cəfa oxunu atır qeyrə ol yeganə, haray

Seyid Əzim Şirvani

1

Cəfa oxunu atır qeyrə ol yeganə, haray! Xədəngi-qəmzəsinə olmadım nişanə, haray!

Əgər ki, güldə vəfa görsə idi bülbüli-zar, Bu qədr suz ilə etməzdi yanə-yanə haray.

Görə harayımı şayəd o şəh, sora halım, Harayımı özümə eylərəm bəhanə, haray!

Tənim hilal kimi günbəgün zəif oldu, Yetişmədi əlim ol mahi-dilsitanə, haray!

Hanı o qaşı kəmanım ki, yetsin imdadə, Rəqib qoydu oxun çilleyi-kamanə, haray!

Mərizi-dideyi-yarəm hanı o İsa-dəm, Ucaldı naləvü fəryadım asimanə, haray!

Könül binasını yıxdı sirişki-çeşmi-tərim, Qəmində seyli-fənayə gedir bu xanə, haray!

Piyadə dəştdə ol şahdən cüda düşdüm, Yetir bu bikəsi, ey Xızr, karvanə, haray!

Xəyali-zülfü rüxi-ol pərilə leylü nahar, Cünun təki mənə adət olub fəsanə, haray!

Təğafül ilə bu gün ötdü yar Seyyiddən, Yəqin, rəqib salıb yarı bəd gümanə, haray!

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.