Canlar verib, sənin kimi cananə yetmişəm
Canlar verib, sənin kimi cananə yetmişəm, Rəhm eylə kim, yetincə sənə canə yetmişəm.
Şükraneyi-vüsalinə can verdigim bu kim, Çox dərd çəkmişəm ki, bu dərmanə yetmişəm.
Halım deyib, muradıma yetsəm əcəb degil, Bir bəndəyəm ki, dərgəhi-sultanə yetmişəm.
Muri-mühəqqərəm ki, sərasimə çox gəzib, Nagah barigahi-Süleymanə yetmişəm.
Bir bülbüləm ki, gülşən olubdur nişimənim, Ya tutiyəm ki, bir şəkəristanə yetmişəm.
Dövri-fələk müyəssər edibdir muradımı, Guya ki, talibi-gühərəm, kanə yetmişəm.
Miskin Füzuliyəm ki, sənə tutmuşam üzüm, Ya bir kəminə qətrə ki, ümmanə yetmişəm.
Lüğət: Nişimən – oturaq, məskən; Kəminə – aciz