Əsas məzmuna keç

Qəzəl

Canıma düşdü firqətin, gör ki, nə nar içindəyəm

İmadəddin Nəsimi

1

Canıma düşdü firqətin, gör ki, nə nar içindəyəm, Güldən iraq gül kimi möhnəti-xar içindəyəm.

Canımı vüsləti-ləbin hicrə mübəddəl eylədi, Gör nə meyü piyalədən rənci-xumar içindəyəm.

Zülfü rüxün şümarını şamü səhərdə sayaram, Kim bilir ol şümari kim, mən nə şümar içindəyəm?

Lə’lü əqiqü inciyi saçaram altun üstünə, Gör ki, gözümdən uş necə bəzlü nisar içindəyəm.

Ey qamu xubların şahı, lütfü inayət eyləgil, Dut əlimi ki, düşmüşəm əqrəbü mar içindəyəm.

Zülfü rüxün hədisini necə unudam, ey pəri, Çün dünü gün anınla mən leylü nəhar içindəyəm.

Canımı ənbərin saçın seyd edəli kəməndinə, Rumü Xətayi dutmuşam, Çinü Tatar içindəyəm.

Nəqşi-nigarını üzün məndə müsəvvər eylədi, Mən bu nigari-nəqş ilə nəqşü nigar içindəyəm.

Fəzli-ilahə canını eylə fəda, Nəsimi, sən Olma məlul, ayıtma kim, bəndü hasar içindəyəm.

Lüğət: Nar – Od; Xar – Tikan; Rənc – Əziyyət; Şümar – Say T; Mar – İlan; Leyl – Gecə; Seyd – Ov; Müsəvvər – Təsvir edilmiş

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.