Əsas məzmuna keç

Qəzəl

Cananı dünən gördüm, şux canlar arasında

Məhəmmədəli Şəfai

2

Cananı dünən gördüm, şux canlar arasında, Min canə dəyən canı, cananlar arasında.

Gördüm ki, töküb qarə geysuləri ruxsarə, Xalı qalıb avarə, reyhanlar arasında.

Ay çöhrəsi nurani, nur etmiş o hər yani, Bənzər oxa peykani, müjganlar arasında.

Geysuləri müşkənbər, qəlbi ürəyi qənbər, Qaşları çəkib xəncər, al qanlar arasında.

Ol yari-kəmanəbru, ol sürməli göz ahu, Gəzməkdə maral tək, ceyranlar arasında.

Görcək onu odlandım, eşq atəşinə yandım, Çün hüsnünə heyrandım, heyranlar arasında.

Mən məsti-şərab idim, bihuşu xərab idim, Aludeyi-xab idim, xubanlar arasında.

Mey nəşəsi bir yandan, zövq aləmi canandan, Etdi məni çün bican, bicanlar arasında.

Eşqin çəkə dil sətrin, tökdü üzünə çətrin, Səpdi yenə gül ətrin, güldanlar arasında.

Cismim ölü tək yerdə, can aləmi-digərdə, Yoxdi mən ilən pərdə, cananlar arasında.

Gördüm ki, başım üstə söylər o ləbi püstə, Yatma belə dilxəstə, məstanlar arasında.

Gül bağına o gəldi, geysuləri sünbüldi. Mən ağladım o güldi, xəndanlar arasında.

Xalın mənə göstərdi, bir busə dedim verdi. Ləli-ləbi göhərdi, mərcanlar arasında.

Şerimdə sözüm Qabil, əşarə özüm qabil, Canım və gözüm Qabil, yüz canlar arasında.

Canan nə gözəl candır, can yalnız o canandır. Canım ona qurbandır, qurbanlar arasında.

Bir əhli vəfayəm mən, üşşaqi Şəfayəm mən. Bir bağı-səfayəm mən, bağbanlar arasında.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.