Əsas məzmuna keç

Qəzəl

Canana mənim sevdiyimi can bilir ancaq

İmadəddin Nəsimi

1

Canana mənim sevdiyimi can bilir ancaq, Könlüm diləyin dünyada canan bilir ancaq.

Bildim, tanıdım elmdə mə’budu, yəqin ki, Şöylə bilirəm kim, anı Qur’an bilir ancaq.

Abdal oluban bəylik edən arifi gör kim, Bu səltənətin qədrini sultan bilir ancaq.

Sufimidir ol cami-müsəffasına məşğul, Pünhani içər eylə ki, şeytan bilir ancaq.

Ey saqi, gətir dövr əyağını dövr eləsün kim, Bu dövr əyağın dövrünü dövran bilir ancaq.

Könlüm gəmisin qərq edə gör eşq dənizinə Kim, bu dənizin bəhrini ümman bilir ancaq.

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, Bu, quş dilidir, bunu Süleyman bilir ancaq.

Lüğət: Cami – müsəffa – Saf şərab; Əyağ – Badə; Bəhr – Dəniz

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.