Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc
Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc, Tən bulur can yenlədən ol ləfzi təkrar eyləgəc. Qılma, ey əfqan, gözün bidar, məsti-xab ikən, Olmaya bir fitnə peyda ola, bidar eyləgəc. Söhbətimdən ar edib, ey gül, məni tərk etmə kim, Gül olur əfsürdə tərki-söhbəti-xar eyləgəc. Varımı fikri-dəhanınla yox etdim kim, qəza Böylə əmr etmiş mana, yoxdan məni var eyləgəc. Ərzi-rüxsar et bu gün, ey məh, güm olsun göydə gün, Öylə kim əncüm olur, gün ərzi-rüxsar eyləgəc. Hər zəban bir tiğıdir guya Züleyxa qətlinə, Yusifi almaqda əhli-eşq bazar eyləgəc. Naleyi-zarım, Füzuli, xoş gəlir ol gülrüxə, Açılır gül könlü bülbül naleyi-zar eyləgəc.
Lüğət: Əfsürdə – bürüşmüş, solğun; Əncüm – ulduzlar