Əsas məzmuna keç

Qəzəl

Can atar pərvanə eşqindən verə şəmə liqa

Məhəmmədəli Şəfai

2

Can atar pərvanə eşqindən verə şəmə liqa, Şəm şölə artar ol biçarəni yandırmağa.

Şəmeyi-hüsnün məni yandırsa kam almaqdayam, Razıyam, eşqündə xoşdur başıma daşlar yağa.

Dərdi-hicranından ey gül bir saralmış bülbüləm, Dönmüşəm badi-xəzan ilə solan bir yarpağa.

Qəlbim aramindən ötrü çox gözəl seyr eylədim. Göy yoruldu, görmədim bir sənə oxşar məhliqa.

Nə kaman qaşlarına bənzətdi bir qaşı könül. Nə o şəhla gözlərin tək görmədim göz mütləqa.

Hər gülə, hər gülşənə baxdım səni gördüm fəqət, Çünki qəlbim güzgüsü əksin alıbdır qucağa.

Canımı al, bir öpüş ver gül yanağından dedim, Vermədin, qoy üz qoyum küyündə bari torpağa.

Sevgilim bunca cəfa etmə yazıqdır aşiqin, Yazığın gəlsin fərağın düşkünü bu yazığa.

Düşməyim sevdasına yurdun Şəfai, neyləyim, Gör nə hurilər yaratmışdır bu cənnət Maştağa.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.