Əsas məzmuna keç

Qəzəl

Cami-eşqindir edən aşiqləri meyxanəlik

Məhəmmədəli Şəfai

2

Cami-eşqindir edən aşiqləri meyxanəlik, Yoxsa ey məh, kim bilirdi ki, nədir məstanəlik.

Atəşi-ahi-cigərsuzimlə yanmazdı könül, Olmasaydı şəmi-rüxsarın əgər pərvanəlik.

Qan olur qəlbim dəgəndə şanə ol geysulərə, Olmayaydı kaş o ənbərbar tellər şanəlik

Nə yetər biganələrdən etirazım var ikən, Vay o gündən aşinalərdə ola biganəlik.

Başıma cəm oldu bayquşlar xəyalatım kimi, Gördülər çün xanəyi-qəlbim olub viranəlik.

Aşiqi-kamil demə məcnuni-səhragərd üçün, Məktəbi-eşqin hələ bir dərsidir divanəlik.

Olmasın bir dəm Şəfai, boş əlin peymanədən, Olmayıbdır ta ki, başın kasəsi peymanəlik.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.