Camalın rövzeyi-rizvan deyilmi?
Camalın rövzeyi-rizvan deyilmi? Dodağın çeşmeyi-heyvan deyilmi?
Səqahüm rəbbihüm xəmri ləbindən, Bəyanü ayəti-Qur’an deyilmi?
Rüxü zülfün bəyaz ilə səvadı, Biri küfrü biri iman deyilmi?
Sənin məstanə eynin sağərindən Cahan sərtasəri məstan deyilmi?
Şəha, eşqin yolunda canı qurban Buyursan, qılmağı asan deyilmi?
Dili-sərgəşteyi, sultani-aləm, Səninçün ta əbəd heyran deyilmi?
Nəsimi kəşfi-əsrarını bildi, Anı fəhm etməyən nadan deyilmi?
Lüğət: Rizvan – Cənnət; Xəmr – Şərab; Əsrar – Sirlər