Əsas məzmuna keç

Qəzəl

Cam içrə mey ki, dairə salmış hübab ona

Məhəmməd Füzuli

1

Cam içrə mey ki, dairə salmış hübab ona, Ayinədir ki, əks salır afitab ona.

Zahid sual edərsə ki, meydən nədir murad? Bizdə səfadır, onda küdurət, – cəvab ona.

Qan-yaş töküb yanında dönər atəşin kəbab, Mə’şuqə bənzər atəşü aşiq kəbab ona.

Eylər könüldə əşk xətin şövqünü füzun, Oddan çıxar buxar, saçıldıqca ab ona.

Çeşmin mərizi oldu könül, lə’ldən əm et, Rənci-xumarə düşdü, dəvadır şərab ona.

Təklifi-cənnət eyləmə kuyində könlümə, Çün cənnət əhlidir, nə verirsən əzab ona?

Məsduddur Füzuliyə meyxanələr yolu, Ya Rəb, hidayət eylə təriqi-səvab ona!

Lüğət: Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Əşk – göz yaşı; Füzun – artıq. G

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.