Cahanda aşiqin çox adı vardır
Cahanda aşiqin çox adı vardır Ki, hər birisinin bir dadı vardır.
Bu gün sən Xosrovi-Şirin dəhansan, Sənin tək Şirinin Fərhadı vardır.
Bu eşqin ögünə dözməz dağü daş, Yavuz iti külüng fuladı vardır.
Hər işi eşqilə dutgil cahanda Ki, eşqilə olan bünyadı vardır.
Nə yerdə bir gurü ahu olursa, Müqərrərdir, anın səyyadı vardır.
Cəmii-bəndənin vardır niyazı, Qamu könüllərin muradı vardır.
Uda bilməz munu dövri-zəmanə Ki, bir oynayıcı nərradı vardır.
Zühur oldu oyunçu rindü qəllaş, Vilayətdən anın irşadı vardır.
Sağınmanız, Xətayi dərdini sor Ki, söylər söylədir ustadı vardır.
Lüğət: Bünyad – özül, kök; Qamu – hamı; Rind – xərabət əhli, kefcil adam; Qəllaş – əliaçıq, müflis; İrşad – doğru yol göstərmə, öyüd vermə