Əsas məzmuna keç

Qəzəl

Bütpərəst oldu könül, bütxanələr küncündədir

Şah İsmayıl Xətai

1

Bütpərəst oldu könül, bütxanələr küncündədir, Mən bilürmən bu dili-şeyda nələr küncündədir.

Gənc-eşqin çün vücudim şəhərini qıldı xərab, Nişə kim, gəncin yeri viranələr küncündədir.

Yusifi-Kən’ani salmışdır zənəxdan çahinə, Zülfinə bağlu neçə divanələr küncündədir.

Cismimi tərk etdi dil, kuyində dutmuşdur məqam, Kim ki, can tərkin qılur, cananələr küncündədir.

Nərgisi-məsti-xumarın qanimi içməkligə Qaşların mehrabinə məstanələr küncündədir.

Dürlü nəzmim həsrətindən firqətindən, ey sənəm, Bəhri-çeşmim mə’dəni dəndanələr küncündədir.

Zahid aydır: – Ey Xətayi, rəxtü dəstarın xanı? – Qoymuşam meyçün girov, meyxanələr küncündədir.

Lüğət: Dili – şeyda – vurğun ürək, sevən könül; Şeyda – vurğun; Gənc – xəzinə; Zənəxdan – çənə çuxuru, buxaq; Dil – ürək; Bəhr – dəniz; Çeşmi – giryan – ağlar göz; Rəxt – paltar; Dəstar – çalma, sarıq, əmmamə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.