Bülbülü şövqi-gül etmiş hər təmənnadən qəni
Bülbülü şövqi-gül etmiş hər təmənnadən qəni, Sevdiyi güldür fəqət ənvai-sevdadən qəni.
Hicrdə nalan ikən artar nəvasın şövqi-vəsl Gülsitani-eşqdə kimdir o şeydadən qəni.
Hüsni-gülnarı nigarın can fəzadır ruhbəxş, Eyləyir əmvatı ehya ol məsihadən qəni.
Taqi-əbrusu, ləbi-ləli, edər aşiqləri Məscidu meyxanələrdən, cami-səhbadən qəni.
Aşiqi-rindəm, qənidir, zahida, dinim mənim, Laubalilər deyilmi zöhdü təqvadən qəni?
Xəlq istiğnayi-sərvətdən fəqir olduqca mən, Talibi-fəqr ikən oldum, rənci-iğnadən qəni.
Fariğ olmaqsa məramın həmmi-qəmmi-dəhrdən Ey könül, ol arzuyi-xami-fərdadən qəni.
Bilmə Məcnuni-biyabən gərdə təşbihim mənim, Aşiqi-vəchi-nigarəm hüsni-Leyladan qəni,
Məsti-cami-vəhdətəm, məhvi-nəzərdir masiva, Hübbi-yar etmiş məni ədavu ədnadən qəni.
Yox mərizi-eşqə bir çarə bunu aləm bilir, Dərdi-bidərmanımızdır kim ətibbadən qəni.
Küyi-yari tərk qılmam fərzdir hübbül-vətən, Çün belə təlim edib ol cümlə mənadən qəni.
Ey Şəfai, aşiqi-məna olanlar dəhrdə, Oldular tərkibi-surətdən, hüveyladən qəni.