Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu
Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu, Tutiyi-can lə’li-şəkkərbarın eylər arizu.
Naməvü qasid pəyamilə xoş olmaz xatirim, Öz ləbindən ləhceyi-göftarın eylər arizu.
Sərvü gül nəzzarəsin neylər sənə heyran olan, Arizinlə qəddi-xoşrəftarın eylər arizu.
Arizu eylər ki, mən tək müttəsil bimar ola, Kim ki, vəsli-nərgisi-bimarın eylər arizu.
Hicr bimari tənim badi-səbadən dəmbədəm, Sihhət içün sihhəti-əxbarın eylər arizu.
Zülməti-hicrində baxmaz şəm’ə çeşmim mərdümi, Pərtövi-rüxsari-pürənvarın eylər arizu.
Arizuməndi-vüsalındır Füzuli xəstədil, Vəslin istər, dövləti-didarın eylər arizu.
Lüğət: Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi; Müttəsil – bir-birinin ardınca, daima; Mərdüm – göz giləsi; xalq, camaat