Bülbül qəfəsdə gəlməsin əfğanə, neyləsin
Bülbül qəfəsdə gəlməsin əfğanə, neyləsin? Tab eyləsin fəraqi-gülüstanə, neyləsin?
Eşqün həriq atəşidir canı yandıran, Şəmin nədir məzəmməti, pərvanə neyləsin?
Ərbabi-əqli eşqi-camalun cünun edər, Bağlanmasın o zülfə bu divanə neyləsin?
Məstanə gözləründür edən məst aşiqi, Mey neyləsin, piyaləvü peymanə neyləsin?
Nə gəlsə başuva gözəlim bilmə özgədən, Baisdir aşina ona, biganə neyləsin?
Seyri-çəmən vüsal günü qəlbi şad edər, Gülzarü bağü gül qəmi-hicranə neyləsin?
Təqdiridir Şəfai pozulmaz qəza yazan, Tədbiri-əql gərdişi-dövranə neyləsin?