Bu türfə şəm’i gör ki, axar şəkər dodağından
Bu türfə şəm’i gör ki, axar şəkər dodağından, Əcəb ki, münfəil olmaz qəmər yanağından!
Bənövşə zülfünə batil təşəbbüh etdi özün, Səba, çıxar bu xəyalı anın dəmağından.
Həmişə sərvi-səhinin budağı bibər olur, Görün bu sərvi ki, susən bitər budağından.
Zəmanə zülfü rüxündən bəlayə saldı məni, Həm ol zaman ki, seçildi qarası ağından.
Qəriği-bəhri-qəm etdi məni bu şivə ilə, Gəlir təfərrüc edər hər zaman qırağından.
Əgər ayağına düşmək macalım olsaydı, Dəxi götürməz idim baş anın ayağından.
Zəmanə çeşmi-çırağı, Nəsimi, yarındır, Gətür çırağını yandır anın çırağından.
Lüğət: Türfə – Yeni, əcaib şey; Münfəil – Pərt olmuş, utanmış; Qəmər – Ay; Bibər – Barsız; Bəhr – Dəniz; Təfərrüc – Əyləncə; Çeşm – Göz; Yarın – Səhər