Bu şikayətlər ki, yarımdan məni-zar eylərəm
Bu şikayətlər ki, yarımdan məni-zar eylərəm, Məqsədim yar adıdır kim, dildə təkrar eylərəm.
Nifrətim var ol kəsə kim, talibi-dünya ola, Çünki sultanəm, gədalərdən belə ar eylərəm.
Söyləmə, naseh, gözəllər eşqi olmaz payidar, Bir ömürdür mən belə bir hökmü inkar eylərəm.
Ağlamaqdan çün ciyərdə qan azalmışdır, demək, Pis əməldir, gözlərimi bunca xunbar eylərəm.
Dərdimə çarə tapa bilsin deyə, bu dəhrdə Hər kəsə çatdıqda öz dərdimi izhar eylərəm.
Naləmi tərk etmək haqqında düşünmə bir daha, Təni-əğyarı bilib, fəryadı təkrar eylərəm.
Ey Füzuli, kimsə tapmaz eşq dərdindən nəcat, Mən, əbəsdir ki, əlaci-qəlbi-bimar eylərəm.