Əsas məzmuna keç

Qəzəl

Bu necə qəddü qamətdir ki, bənzər sərvi-balayə

İmadəddin Nəsimi

1

Bu necə qəddü qamətdir ki, bənzər sərvi-balayə, Bu necə hüsnü surətdir ki, nur ehsan edər ayə.

Cəmalından münəvvər ay ilə xurşid, ey dilbər, Mələkdir valehü heyran bu gün bu hüsni-zibayə.

Qaşındır qab ilə qövseyn ki, əsrarına əql irməz, Vəli bu sirri ol bildi ki, qurban oldu ol yayə.

Ləbin şol lə’li-əhmərdir, dişin ol dürri-gövhərdir Ki, lə’li torpağa saldı, buraxdı dürrü dəryayə.

Rüxün kimi müzəyyəndir gülü lalə, anın şövqi, Yanağın əksi düşmüşdür məgər kim, vərdi-həmrayə.

Cahanın torpağı çünki, əbirə ənbər olmuşdur, Səba mişkin saçın buyi buraxdı müşkü səhrayə.

Vüsalın istəyən aşiq əcəb sevdayə düşmüşdür, Cahanü canı tərk eylər, düşər hər kim bu sevdayə.

Bu gün, ey xubların şahı, əmiri-dilbəransan kim, Xəyalın ləşkəri verdi könül şəhrini yəğmayə.

Gözümdən gərçi pünhandır nigarın surəti, amma Görünən vəchidir anın nəzər qıldıqca hər cayə.

Ölürsə iştiyaqından, nə qəm, hicran ilə Seyyid, Üzünü gördü vü irdi bu gün firdövsi-ə’layə.

Surəti-həqqə, ey sənəm, bədri-rüxündür ayinə, Daş ola kim ki, surətin olmaya aşiq ayinə.

Eşqi-rüxün təriqidir dari-səlamətin yolu, Mənzilinə qaçan irür kim ki, bu yolda tayinə.

Dünyəvü mülkü malinə meylü məhəbbət eyləmə, Çün gedisərsən, ey məlik, axirətin sarayinə.

Vəsli-rüxündən, ey pəri, ta əbəd oldu möhtəcib Kim ki, müqəyyəd olmadı zülfü girehgüşayinə.

Fatihədir anın üzü, nunü əlifdir ayəti, Səllü və səlləmü əla surəti-canfəzayinə!

Zülfi-dütasının qəmin sor bu əsiri-eşqə kim, K’oldur əsir edən məni silsileyi-dütayinə.

Başinə kim ki, düşmədi kölgəsi ənbərin saçın, Dövlətə sadiq olmadı, uğramadı hümayinə.

Hur ilə cənnətü liqa görməyə həqdən, oyla bil, Kim ki, üzündə görmədi həqqi bu gün müayinə.

Eşqinə kim ki, qılmadı baş ilə canını səbil, Dərdinə çarə bulmadı, uğramadı dəvayinə.

Vermişəm ol qara saçın qövlü qərarına könül, Gərçi inanmazam anın əhdinəvü vəfayinə.

Hüsnü rüxün zəkatını ayə gər eyləsən əta, Mehri-müniri-təl’ətin görünə, mah bayinə.

Hüsnünə xaliqülbəşər xətmi-məlahət eylədi, Dövlət anın kim uğradı xətməsinin duayinə.

Canverici ləbindədir şərbəti xəstə könlümün, Kimdir irişdirən anı şərbətinin şəfayinə?

Lə’li-ləbin hədisini incuyə nisbət eyləyən, Gör nə cəfalər eyləmiş cövhəri-canfəzayinə.

Eşqinə verməsin könül şol sənəmin, Nəsimitək Kim ki, təhəmmül eyləməz cövrünəvü cəfayinə.

Lüğət: Bala – Hündür, uca; Nur – İşıq; Münəvvər – Nurlu; Xurşid – Günəş; Ziba – Gözəl; Şol – O; Əhmər – Qırmızı; Müzəyyən – Bəzənmiş N; Əksi – Nöqsan; Vərd – Qızılgül; Sevda – 1. Öd. 2. Məhəbbət; Ləşkər – Qoşun; Yəğma – Qarət; Firdövs – Cənnət; Bədri – müəmməm – Əmmaməli ay; Təriq – Yol; Məlik – Padşah; Müqəyyəd – Bağlanmış, qayğıkeş; Qövl – Qohum

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.