Bu hüsnilə sənə ey mahiparə eşq olsun
Bu hüsnilə sənə ey mahiparə eşq olsun! Bu sərvü qamətə, ol gülüzarə eşq olsun!
Cahanı cənnət edib əsdirən nəsimi-bahar, O zülfi-ənbərə, ol müşkibarə eşq olsun!
Qaşın kaman, kipriyin ox, nişanədir qəlbim, Kəmin edən məni çeşmi-xumarə eşq olsun!
Görüb o arizi-alında xalı xəlq dedi— Qızıl gül üstünə qonmuş o xarə eşq olsun!
Çıxanda seyri-gülüstani-eşqə sən ey gül, Deyildi hər gülə, hər laləzarə eşq olsun!
Cahanə nur saçıb xəlqə sülh feyzi verən, Günəş üzündə o parlaq şüarə eşq olsun!
Şəkər piyaləsi-ol qönçəvəş dodağundan, Şərabi-eşqi içən bəxtiyarə eşq olsun!
Qərari-sülhə ələm qaldıran zaman hüsnün, Cahan sevindi, dedi—bu qərarə eşq olsun!
Şəfai, qəm yemə, döndü vüsalə ruzi-fəraq, Bu şən həyata, bu xoş ruzgarə eşq olsun!