Bu gün ol şahidin şəkli qamundan ixtiyarımdır
Bu gün ol şahidin şəkli qamundan ixtiyarımdır, Ümidimdir, ümidgahım, vəfalı, doğru yarımdır.
Həbibimdir, təbibimdir, gülümdür, əndəlibimdir, Rəfiqimdir, şəfiqimdir, qəmimdir, qəmgüsarımdır.
Vücudumdur, rəvanımdır, damarımdakı qanımdır, Bu gün şahi-cahanımdır, lətafətli nigarımdır.
Əzizim, nuri-didəmdir, dü aləmdə güzidəmdir, Saçı bəxti-rəmidəmdir, yanaqları ənarımdır.
Gülü reyhanü laləmdir, meyü sağər, piyaləmdir, Gülüstanü kəlaləmdir, müzəyyən növbaharımdır.
Könül yəğma qılanımdır, məni dərdə salanımdır, Genə dərman qılanımdır, əvan tülki-tatarımdır.
Sərəfrazım, həbibimdir, bu dərdimə təbibimdir, Bu gün yari-qədimimdir, cahanda iftixarımdır.
Üzü nuri-ilahımdır, münəvvər şəmsü mahımdır, Könül təxtində şahımdır ki, zirək şəhriyarımdır.
Boyu sərvi-çinarımdır, saçı mişki-tatarımdır, Əcəb şirin nigarımdır, gülüstani-baharımdır.
Şərabımdırü şəhdimdir, bu gün novruzi-eydimdir, Mənim bəxti-səidimdir, behişti-gülüzarımdır.
Xəyalımdır ki, fikrimdir, namazımdır ki, zikrimdir, Dodağı qəndi-Misrimdir, mükərrər şəhdü barımdır.
Cimim, mimim, hürufumdur, xubəxlaqü lətifimdir, Güləndamım, zərifimdir, gülümdür, gülüzarımdır.
Nəsimini bu gün, yarəb, əcəb yad eyləmiş dilbər: Həqirimdir, fəqirimdir, qəribü dilfikarımdır.
Lüğət: Şahid – Gözəl, sevimli; Sağər – Badə; Müzəyyən – Bəzənmiş N; Yəğma – Qarət; Münəvvər – Nurlu; Şəhd – Bal