Bu can pərvanədir, yanır camalın şəm’i tabından
Bu can pərvanədir, yanır camalın şəm’i tabından, Könül darülqərar oldu pərişan zülfü tabından.
Həyatı Xızr ilə Isa bilir, arif necə buldu, Rümuzi-eşq ilə irdi dodağın eyni-abından.
Əcəb cimi, səadətdir kimə kim, pərdə rəf oldu, Dü aləm doldu şövqündən, günəş çıxdı hicabından.
Münəccim, zahid inanmaz ki, sənsən əhsəni-təqvim, Əzəldən ta əbəd oldu əyan hüsnün kitabından.
Üzün nuru şol atəşdir kim, anı bilmədi zahid, Şəcərdən Musaya inni-inəllahdır xitabından.
Susuz, həm ac, yuxusuz bəriyyə çəkdirir hüsnün, Girəm Beytül-həram içrə, qılam ta səcdə babından.
Məni şol müddəi sanır irağam yə’ni tapundan, Zəhi cahil ki, qəflətdən oyanmaz qaldı xabından.
Nəsimi necə vəsf etsin ki, hüsnün binəhayətdir, Tutuldu dili əflakın, sual etdim, cavabından.
Lüğət: Rümuz – Rəmzlər S; Şol – O; Şəcər – Ağac; Beytül – həram – Hərəm evi – Kəbə mənasında; Zəhi – Afərin