Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır
Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır, Anın mahiyyəti-zövqün nə bilsin ol ki, heyvandır. Üzün inna-fətəhnadır, təbarək şə’ninə münzəl, Bu vəchi əhsəni-surət bilənlər əhli-irfandır. Xətin ümmül-kitabıdır bəyanı əhli-tövhidin, Hürufu lövhi-məhfuzun müsəvvər şərhi-Fürqandır. Rüxün gülzarına qarşı qızardı məğribin rəngi, Tüluyi məşriqin rəngi nəsimi-ənbərəfşandır. Hədisi gövhərəfşanın həqiqətdir nəhayətsiz, Üqulu əhli-irfanın onun hərfində heyrandır. Nəsimi çün səni gördü münəzzeh oldu aləmdən, Gözündə surəti-rəhman, dilində zikri-sübhandır.
Lüğət: Münzəl – Nazil olmuş, göndərilmiş; Tövhid – Birlik; Müsəvvər – Təsvir edilmiş; Ənbərəfşan – Ənbər saçan; Zikr – Xatırlama, söyləmə