Biz, gözəldən başqa, dünyaya nəzər az etmişik
Biz, gözəldən başqa, dünyaya nəzər az etmişik, Nazəninlərdən dəxi sərfi-nəzər az etmişik.
Zahida, bizdən soruşma çox da ayini-namaz, Aşiqik biz, eşqdən başqa hünər az etmişik.
Hər əməl haqqında biz çoxlu düşündük, mütləqa, Bir əməl ki, eşqdən üstün gələr, az etmişik.
Şux gözəllərdən vəfa umduq, bəlayi-eşqdən Dərdimiz artmış da olsa, biz həzər az etmişik.
Biz gümüş tək göz yaşı, zər tək üzü etdik nisar, Çün fəqirik, fikri-cəmi-simü zər az etmişik.
Səltənət mülkünə bizdə zərrəcə yox etibar, Şahbazıq biz, şikari-müxtəsər az etmişik.
Dostlar, əlimə keçdi axtardığım o gövhər, Könlüm nəyi dilərdi, oldu ona müyəssər.
Pak eşq sayəsində axır nəsibim oldu Altında zərli tağın siminbədən o dilbər.
Sövdasına o yarın düşdü könül vətəndə, Rənci-səfərsiz oldu qismət mənə gəlirlər.
Könlümdə tək xəyalı vardı o nazlı sərvin, Bəxt oldu yar, qucdum əndamını sərasər.
Bir vaxt o aycamalım düşmüşdü məndən ayrı, Vəslinə çatdım indi, xoş bəxtim oldu yavər.
Oldu, Füzuli, könlüm sən tək kədərdən azad, Dildarına çatanlar olmaz daha mükəddər.