Bircə an çıxmadı başdan qəmin, ey taci-sərim
Bircə an çıxmadı başdan qəmin, ey taci-sərim, Sən unutdun məni, cana, demə yoxdur xəbərim.
Hicrdən yox gileyim heç, uzaq olsan da bu gün, Tək səni görmədəyəm, hər yana düşsə nəzərim.
Atəşindən üzünün çərx məni saldı uzaq, Necə yaqmaz məni hicrin ki, olubdur şərərim.
Nə qədər candan əsər varsa, qəmin xəstəsiyəm, Dözmərəm dərdinə, kaş qalmaya candan əsərim.
Məqsədim eşq yolundaydı fəna, şükr edirəm, Ki, məni məqsədə çatdırdı məhəbbət səfərim.
Qəm yedim, ah ilə sinəmdən alov püskürtdüm, Nə edim, qorxdum o atəşdə yaxılsın ciyərim.
Təkcə arzum bu olubdur ki, vəfadar ölüm, Başqa arzum var isə, canımı al, nazlı pərim!
Hicr odunda ciyərim, bil ki, yanardı çoxdan, Ey Füzuli, ona tökməzdisə su çeşmi-tərim.