Əsas məzmuna keç

Qəzəl

Bir mahı sevib, çərxə təmənnadən usandıq

Seyid Əzim Şirvani

1

Bir mahı sevib, çərxə təmənnadən usandıq, Bu düşməni-kəcbinə müdaradən usandıq.

Ol lalərüx olmaz bizə nə dust, nə düşmən, Əğyar ilə bihudə bu qovğadən usandıq.

Bülbül, sənin olsun dəxi gülzari-məhəbbət, Bu bağdə biz ol güli-rənadən usandıq.

Divanə olub daməni-səhralərə düşdük, Biz silsileyi-zülfi-çəlipadən usandıq.

Başdan yerə qoyduq həvəsi-badeyi-nabı, Atdıq ayağ əldən, meyi-səhbadən usandıq.

Biz qisseyi-Şirin ilə Fərhadı unutduq, Əfsaneyi-Məcnun ilə Leyladən usandıq.

Əl çək, dedik, ol mahdən, əl çəkmədi Seyyid, Biz əl çəkib, ol aşiqi-rüsvadən usandıq.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.