Əsas məzmuna keç

Qəzəl

Bir könül ki, ola ol mahliqadən xali

Seyid Əzim Şirvani

1

Bir könül ki, ola ol mahliqadən xali, Bu yəqinimdir, olur nuri-xudadən xali.

Düşəni könlümə rüxsari-münirin mehri, Bu siyəh xanə degil hiç ziyadən xali.

Nafeyi-Çin demişəm zülfi-əbirəfşanın, Bilmişəm kim, degiləm səhvü xətadən xali.

Dili-pürxunə dəgəndən bəri tiri-sitəmin, Dil degil hiç bu ehsanə duadən xali.

Necə izhar eləyim dərdi-nihanım o gülə, Ki degil, yanı onun badi-səbadən xali.

Xalı bir nöqtədir, amma ki, edib yüz dili seyd, Hiç bir nöqtə degil əmri-qəzadən xali.

Seyyida, sən kimi aşiq degil ol zülfə əgər, Niyə ayrılmayır ol zülfi-dütadən xali.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.