Bir də görsəm, göz açıb, gər ol güli-rəna yüzün
Bir də görsəm, göz açıb, gər ol güli-rəna yüzün, Görmək istərsəm, gözüm çıxsın əgər dünya yüzün.
Eşqdə Sənan olub, zünnarə etməzmi həvəs Görsə zahid gər sənintək bir büti-tərsa yüzün.
Xalü xattin əksi çeşmimdə cəmalın şövqdən Xeyli-hindudur ki, Rum üçün tutub dərya yüzün.
Dağə çaldı cani-şirinin qurtardı Kuhkən, Şuri-əşkim seyli ta gördü tutub səhra yüzün.
Nuru batsın çeşmimin görmək təmənna eyləsəm Mahi-rüxsarın qoyub mehri-cahanara yüzün.
Üz sürürlər bunca kim, üşşaq xaki-payüvə, Üz çəkib, ey mahi-rüx, göstərmə istiğna yüzün.
Nuru artıb çeşmimin başım fələklərdən keçər, Bir də görsəm, Seyyid, ol mahi-mələksima yüzün.