Əsas məzmuna keç

Qəzəl

Bir də bəzmimdə mənim ol büti-novşad olumu

Seyid Əzim Şirvani

1

Bir də bəzmimdə mənim ol büti-novşad olumu? Görəsən qəmli könül bir də dönüb şad olumu?

Ol qədi sərvi-rəvan başə salarmı sayə, Dili-qəmpərvərimiz qüssədən azad olumu?

Özün insaf qıl, ey padişəhi-kişvəri-hüsn, Səni əğyar ilə gördükdə könül şad olumu?

Zülfi-müşkinini eylərmi genə canə kəmənd? Genə dil seydinə ahu gözü səyyad olumu?

Cövri-yar oldu füzun, saqi, gözün qurbanı, Rahət üçün mənə mey ta xəti-bəğdad olumu?

Özün insaf elə, ey ləbləri şəhdü şəkkər, Ləbi-şirinüvə bir mən təki Fərhad olumu?

Almadı tərbiyətin piri-muğanın Seyyid, Cövhəri naqis olan qabili-irşad olumu?

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.