Bir bilmədim axır niyə bu qaş gözə gəldi
Bir bilmədim axır niyə bu qaş gözə gəldi, Çıxsın gözü, əğyar gözündən gözə gəldi,
Derlərdi vücudi-dəhəni-yar ədəmdir, Ol nöqteyi-sərbəst açıldı, sözə gəldi.
Tiğ etdi xətin pak üzündən o nigarın, Əlminnətü-lillah, gecəmiz gündüzə gəldi.
Dil ruzi-ələst etdi qəbuli-qəmi-eşqin, Nasutə qədəm qoydu, bəlayə dözə gəldi.
Tar eyləyən ol ayinəni dudi-dilimdir, Sən böylə xəyal etmə ki, xəttin üzə gəldi.
Tufani-sirişkim çəkilib ruyi-zəmindən, Gördükdə onu Kuhkən indi düzə gəldi.
Gördü ölürəm həsrəti-çeşmindən o şuxun, Sormağa qəmim, çeşmi-xumarım sözə gəldi.
Bir söz, yüzə gəlməz sənə ol şahidi-məqsud, Seyyid, tutalım sali-həyatın yüzə gəldi.