Əsas məzmuna keç

Qəzəl

Bilən bu dərdimi yoxdur bu halətdə, bu halətdə

Xurşidbanu Natəvan

1

Bilən bu dərdimi yoxdur bu halətdə, bu halətdə Tutubdur könlümü möhnət bu firqətdə, bu firqətdə.

Neçün əhvalımı bilməz o mahi-mehriban, ya rəb?! Nədən heç dadıma yetməz bu müddətdə, bu müddətdə?

Gedibdir taqətim dizdən, tükənmiş nur həm gözdən, Neçün ülfət kəsib bizdən bu qürbətdə, bu qürbətdə.

Deyin yari vəfadarə, o çox uymasın əğyarə, Kərəm qılsın məni-zarə bu xiffətdə, bu xiffətdə.

Ataram sərü səmanı, dağıdaram bu viranı, Yolunda qoymuşam canı bu töhmətdə, bu töhmətdə.

Gözümdə intizarım var, dilimdə iztirabım var, Rəqiblər yar, mən əğyar bu qəflətdə, bu qəflətdə.

Vətəndən ayrılıb getdim, eşq rəhində seyr etdim, Hicrində mən cana yetdim bu həsrətdə, bu həsrətdə.

Məni qoydu fərağında, həmişə ahü zarında, Ömrümün axır çağında bu üsrətdə, bu üsrətdə.

Dolandım hicr dağında, əyildim qəm otağında, Xəyal hüsnün sorağında bu saətdə, bu saətdə.

Xəyalım yar ilə getmiş, dilim hicr ilə odlanmış. Cəsəd həm Natəvan qalmış bu zillətdə, bu zillətdə.

Lüğət: Firqət – ayrılıq; Xiffət – fikir, dərd; Üsrət – çətinlik; Hicr – ayrılıq; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.