Əsas məzmuna keç

Qəzəl

Bəzədi

Zəlimxan Yaqub

1

Təzə bir yaraşıq verdi, məclisimi saz bəzədi, Şirin xallar cilvələndi, sazı bir avaz bəzədi.

“Sarıtel”in qanadında cilvələndi qara tellər, Oğulları sevgi fəsli, gözəlləri naz bəzədi.

Duyan könül, sevən ürək yatdı səsin laylasına, Vaxtın bircə gecəsini neçə sərvinaz bəzədi.

Qar əridi, yer altından baş qaldırdı qərənfillər, Ömrü qışın arxasınca açıb gələn yaz bəzədi.

Döndü bərəkətə yerim, maya tutdu məhəbbətdən, Əkən əkdi, biçən biçdi, sünbülü dəryaz bəzədi.

Gücmü çatır bircə saat vaxtı tutub saxlamağa, Naxış vuran, bəzək verən ruhumuzu az bəzədi.

Zəlimxanın qollarına yeddi nərin gücü gəldi, Koroğlunun meydanını sanki Xan Eyvaz bəzədi.

2006, 21 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.