Əsas məzmuna keç

Qəzəl

Bəs ki, zə’fi-ruzədən hər gün bulur təğyiri-hal

Məhəmməd Füzuli

1

Bəs ki, zə’fi-ruzədən hər gün bulur təğyiri-hal, Olacaqdır eyd üçün mahi-təmamim bir hilal.

Qıldı mahi-ruzə xurşidimi gün-gündən zəif, Zərrə-zərrə ayə, san gün nuri eylər intiqal.

Bir xəyal etmişmi zə’fi-ruzə yarı, bilməzəm, Yoqsa yarı görməyib, mən gördügümdür bir xəyal.

Tuta bilsəydim, su içməzdim, qılırdım dəf’ini, Ruzənin kim, göz görə xurşidimə istər zəval.

Ay tutulsun, ruzə əyyamında gün düşsün yerə Kim, bu ay, gündən bulubdur mehriban mahim məlal.

Qanımı içmək dilər ol lə’li-meygun hər gecə, Ruzə tutmuş qaliba, iftar içün istər həlal.

Yemək-içmək fikrin əhli-ruzədən kəs, ey günəş, Bir səvab et, sübhlər ta şam qıl ərzi-cəmal.

Ruzə təklifin Füzulidən götür, ey möhtəsib, Natəvandır, onda bu təklifə yoxdur ehtimal.

Lüğət: Ruzə – oruc; Təğyir – döndərmək, dəyişmək; Möhtəsib – dinin qanunlarını qoruyan mə’mur

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.