Bağı-aləmdə mənə bir güli-rənadı qərəz
Bağı-aləmdə mənə bir güli-rənadı qərəz, Bir qədi sərv, üzü laleyi-həmradı qərəz.
Əhədü Əhmədü Məhmudü Əbülqasimdən, Zahirən ismdi, amma ki, müsəmmadı qərəz.
Ey könül, cilvəgəhi-dustdü səcdəgəhimiz, Kəbəvü deyrü nə məscid, nə kəlisadı qərəz.
Surəti-zahirə hərçənd ki, var rəğbətimiz, Leyk əlfaz oxumaqdan bizə mənadı qərəz.
Bülbül istər gülü, pərvanə sevər şəmi, vəli Bizə nə şəm, nə ey dil, güli-rənadı qərəz.
Xəlqi-insanda nə surət, nə həyula, Seyyid, Nükteyi-müxtəfiyi-sirri-süveydadı qərəz.