Bağə girdim, səri-kuyin anıb əfğan etdim
Bağə girdim, səri-kuyin anıb əfğan etdim, Gül görüb, yadın ilə çaki-giriban etdim.
Baxuban nərgisə, əyyar gözün qıldım yad, Nərgisi naləvü əfğanıma heyran etdim.
Qönçəvü lalə demə, dağ qarasın qoparıb, Alu alayə sarıb səbzədə pünhan etdim.
Güli-tər üzrə düşən şəbnəmə düşdü nəzərim, Gözümü şövqi-cəmalında dürəfşan etdim.
Bərgi-gül sanma ki, xunabə tökən dəmdə gözüm, Neçə yaprağə cigər qanı silib, qan etdim.
Görücək sünbülü, andım şikəni-kakilini, Sünbüli giryəvü ahimlə pərişan etdim.
Ey Füzuli, rəvişi-əql məlul etdi məni, Səhv qıldım ki, cünun dərdinə dərman etdim.
Lüğət: Bərg – yarpaq; Cünun – dəlilik, divanəlik