Bağ içrə gəlib yarımı əğyar ilə gördüm
Bağ içrə gəlib yarımı əğyar ilə gördüm, Qan oldu könül kim, o gülü xar ilə gördüm.
Eşq içrə mənə rövnəqi-bazar pozuldu, Ol Yusifi bir qeyr xəridar ilə gördüm.
Viranə könül bir dəxi abad ola bilməz, Kim, gənci-nihanımı bu gün mar ilə gördüm.
Peykanlarına eylədi könlümü nişanə, Əltafını, əlhəq, bu dili-zar ilə gördüm.
Ol mahə qərin olmuş idi guşənişinlər, Sabitləri ol kövkəbi-səyyar ilə gördüm.
Ey kaş olaydı bu təmaşadə gözüm kur, Biganələri gülşən ara yar ilə gördüm.
Qönçə kimi könlüm dönəcək qanə ki, Seyyid, Ol novgülü bir özgə xəridar ilə gördüm.