Əsas məzmuna keç

Qəzəl

Badeyi-rahəti-candır, qədəhi-cana ümid

Məhəmmədəli Şəfai

2

Badeyi-rahəti-candır, qədəhi-cana ümid, Dəmbədəm nəşə verir xatiri-insana ümid.

Zövq alır şövq ilə ümmidi-səfadan hər kəs, Çeşmi-can ilə baxar vəsləti-canana ümid.

Dözmək aləmdə qəmi-hicrə yaman müşküldür, Gör neçə səbr verir qəlbi-pərişana ümid.

Can xilas eyləyə bilməz mərəzi-möhnətdən. Çarəbəxş olmasa gər xəstəyi-hicrana ümid.

Gəl ümid eylə könül sən də ümidgahlara, Neçə ki, ellər edir rəhbəri-dövrana ümid.

İntizarıq dəri-meyxanəyi-rəhmətdə bu gün, Nə olur versə bizə bir dolu peymana ümid.

Naümid olma Şəfai bu Azərbaycandır. Burda hər müşkülü tez döndərir asana ümid.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.