Ayinə sevər candan rüxsareyi-canani
Ayinə sevər candan rüxsareyi-canani, Bir qayətə yetmiş kim, ayrılsa çıxar cani.
Fəryad ki, əks oldu ol kim görəyim derdim, Ayineyi-rüxsarın lövhi-dili-heyrani.
Ol çahi-zənəxdanda derdim görərəm könlüm, Könlümdə görər oldum ol çahi-zənəxdani.
Azadələrin könlün cəm’ etmiş ikən qəflət, Təprətmə səba, billah, ol zülfi-pərişani.
Yarə qəmi-pünhanım izhar edə bilməzdim, Şadəm ki, rəvan oldu gözdən cigərim qani.
Dərdü qəmi-pünhanim fəhm etdi el ahimdən, Yüz ah ki, faş oldu dərdü qəmi-pünhani.
Hicran gecəsi görgəc duzəx ələmin, bildim Kim, ruzi-qiyamətdir yarın şəbi-hicrani.
Candan keçəli buldum rahət qəmi-aləmdən, Xoş hikmət ilə buldum ol dərdə bu dərmani.
Yarəb, nə səbəbdəndir kim, hiç əsər qılmaz Dildarə Füzulinin fəryad ilə əfğani.
Lüğət: Lövh – lövhə, səhifə. M; Duzəx – cəhənnəm