Ay qız, nə gözəlsən, sənə dil gül demək istər
Ay qız, nə gözəlsən, sənə dil gül demək istər, Əlbətdə, gözəl bir gülü hər bir ürək istər.
Bir dəfə səni görsə əgər bağçada bülbül, Nə sünbülə, reyhana baxar, nə çiçək istər.
Çətrün tökülüb gül üzünə, aypara qaşlar, Məstanə gözünlə nə bilim neyləmək istər.
Xalın salıb eşq əhlini min dürlü xəyalə, Qönçə ağzın püstəni xar eyləmək istər.
Bəh, bəh, bu nə surət?! Ola rəssamına əhsən, Nə hacəti məşşatəyə var, nə bəzək istər.
Ay qız bu nə gözdür, bu nə qaş, bu nə vəcahət, Ceyranmı, maralsanmı səni hər ürək istər.
Məst etdi xumar gözlərün aşiqləri ey gül, İndi məni də məstü xumar eyləmək istər.
Başdan ayağa bir yaraşıqsan, səni ay qız, Əndami-lətifündəki məxmər, ipək istər.
Rəna boyuna cümlə tamaşaya çıxanlar, Heyran olaraq canını qurban demək istər.
Can almadadır şux yerişin ey güli-rəna, Can şəmüvə can verməyi pərvanətək istər.
Sülhün günəşi nur saçar ol al yanağından. Feyz almağa səndən bəşəriyyət dilək istər.
Bu el qızıdır saxla yaman gözdən ilahi, İzzətli Azərbaycanım ondan kömək istər.
Bəsdir bu qədər şerə şəkər qatma Şəfai, Əşarini axır bu gözəllər yemək istər.