Aşiq oldur kim, sözü canü dililə yar bir
Aşiq oldur kim, sözü canü dililə yar bir. Birdürür aşiq əzəldən, sevgili dildar bir.
Əhli-eşqin mə’niyi-zatü sifati birdürür, Adəmə qıl səcdə, zahid, qılmagil inkar bir.
Cümlənin halın bilən sənsən, yenə bildürmiyən, Demə hər naməhrəmə gər qılmasa iqrar bir.
Olmadı bu sirrə məhrəm hər xəsisi-kəcsüxən, Dərdimin dərmanı doğru yar bir, əttar bir.
Pir birdir, sirr bir, iqrar bir, göftar bir, İkilik sığmaz bu yolda, sirr ilə sirdar bir.
Sən bilürsən bəndənin halın, nə bilsün bilməyən, Birmidir, ya yüzmidir, ya minmidir, bazar bir.
Atəşi-eşqin tutuşdurdu vücudim şəhrini, Baxıram ki, hur birdir, nur birdir, nar bir.
Səd hezaran zülm edirsən, dönməzəm, döndərməzəm, Yüzümi, ya sözümi, ya gözümi, ğəmxar bir.
Canə minnətdir nə gəlsə, ğəm yemən, şükr eylərəm, Canı verdim, başı qoydum, olmuşam bimar bir.
Məsti-eşq etdin məni, Məcnun umanı neylərəm, Ey susamış qanıma, hər gözləri xunxar bir.
Ömr birdir, gün bu gündür, yetsə dəm, saət deməz, Baqi olmaz can bu təndə, fanidir, ədvar bir.
Heç günahsız bəndə olmaz, heç xətasız kimsə yox, Sən günahın görə görgil, əfv edən ğəffar bir.
Bu dükan yüz min dükandır, həq dükanıdır, vəli Şərh birdir, kar birdir, asılursan dar bir.
Ey Xətayi, sən təvəkkül həqqə qılgil, çəkmə ğəm, On səkkiz min aləmə hökm eyləyən sərdar bir.
Lüğət: Əttar – ətir satan; Pir – qoca; Nar – od; Səd – yüz; Bimar – xəstə; Xunxar – qaniçən; Vəli – ancaq, lakin; Kar – iş