Əsas məzmuna keç

Qəzəl

Aşiq isən gəl bərü kim, cani-canan məndədir

Şah İsmayıl Xətai

1

Aşiq isən gəl bərü kim, cani-canan məndədir, Zahida, sən xandasan kim, nuri-iman məndədir.

Məndədir yer ilə gögün hikməti, həm qüdrəti, Abü atəş, xakü badü cümlə ərkan məndədir.

Həq təala dörd kitabi gögdən endirdi yerə, Mən anı istəməzəm çün külli-fürqan məndədir.

Katiba, ağü qərayə baxma, səni azdurur, Aç qulaq, dinlə sözüm, avazi-Qur’an məndədir.

Pəhləvanlar çox cəhanda, Rüstəmi-Zal olmuşam, Həm İskəndər hikməti, mülki-Süleyman məndədir.

Əyyuba çəkdirdi çox dərdi bəlavü möhnəti, Gəl məni istəş, verəyim dərdə dərman məndədir.

Yə’qubi gör zarü giryan Yusifi-Kən’an içün Piri-künci-xəlvətəm uş Misr sultan məndədir.

Şahi-Mərdanın, Əlinin aliyəm, övladiyəm, Zülfüqarü tacü Düldül uş bu nişan məndədir.

Açarım dini-Məhəmməd, məzhəbi-Cə’fər yəqin, La fəta illa Əli, bu sirri-pünhan məndədir.

Mən şaha bu canımı sidq ilə qurban qılmışam, Gər qəbul qılsa vilayə, eydi-qurban məndədir.

Çün Xətayiyəm, şahın vəsfini daim söylərəm, Eşqilə bel bağlaram, dəftərlə divan məndədir.

Lüğət: Nuri – rəhman – ilahi nur; Ərkan – qaydalar, rüknlər; İlla – ancaq, savayı, başqa; Sirri – əf’al – işlərin sirri

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.